Azərbaycan Respublikası Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün tətbiqində pilot ölkə olmuş, hasilat sənayesində şəffaflıq (bundan sonra – HSŞ) və hesabatlılıq üzrə beynəlxalq səyləri daim dəstəkləmişdir. Beynəlxalq səviyyədə HSŞ üzrə hesabatlılığın təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında lazımi tədbirlər həyata keçirilmiş və mütəmadi hesabatlar dərc edilmişdir.
Son illərdə hesabatlılığı təşviq edən beynəlxalq prinsip və standartlarda hesabatvermə mexanizmlərinin səmərəliliyinin artırılması və daha çevik işləməsi məqsədilə mühüm dəyişikliklər edilmişdir. Bu dəyişikliklərdən biri də dövlət idarəçiliyində müasir texnologiyalardan istifadə etməklə aparılan işin səmərəliliyini artırmaq, məlumatlardan istifadə imkanlarını sadələşdirmək, məlumatları sərbəst əldə etmək üçün şəffaflıq və hesabatlılığın müntəzəmliyini təmin etmək məqsədilə hesabatlılığın aidiyyəti dövlət qurumlarının fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsi yolu ilə tədricən onların açıqlama və hesabatvermə sistemlərinə inteqrasiya olunmasıdır.
HSŞ sahəsində beynəlxalq standartların ardıcıl tərəfdarı olaraq Azərbaycan Respublikası bu dəyişikliklərin ölkəmizdə tətbiqini təmin etməyi və onların müsbət nəticələrindən yararlanmağı zəruri hesab etmişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 28 iyul tarixli 1114 nömrəli Fərmanı imzalanmışdır. Fərmanın icrası olaraq Dövlət Statistika Komitəsi tərəfindən hasilat sənayesində şəffaflıq üzrə daha ardıcıl və dayanıqlı hesabatlılığın tətbiqini, bu sahədə rəsmi statistika məlumatlarının ictimaiyyətə açıqlanmasını, habelə sistemləşdirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Neft Fondu, Dövlət Neft Şirkəti və “AzərGold” QSC ilə razılaşdırılmaqla “Hasilat sənayesində şəffaflıq üzrə statistik göstəricilər sistemi” hazırlanmış və Komitənin 2021-ci il 25 fevral tarixli 01/14s nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Göstəricilər sisteminə hasilat sənayesi müəssisələrinin hasil və ixrac etdiyi məhsulların həcmi və dəyəri, əsas infrastrukturu, məhsul növləri üzrə dövlətə ayırmaları və ödənişləri, neft və qaz sazişləri çərçivəsində dövlətə verdikləri məhsulların həcmi, əməliyyat xərcləri və onların strukturu, sosial məqsədlərə çəkdikləri xərcləri, aktivləri, əsas kapitala yönəltdiyi investisiyaları, işçilərinin sayı və onların əməkhaqqısı barədə, eləcə də ölkə üzrə tərtib edilən enerji və əmtəə balansı, bir sıra digər əsas makroiqtisadi göstəricilər daxil edilmişdir.
Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın davam etdirilməsi. Görülən işlərin davamlı xarakter daşıdığını nəzərə alaraq, 2023-cü ildə hasilat sənayesində fəaliyyət göstərən müəssisə və təşkilatlara müraciət ünvanlanmış və dövlət idarəçiliyində müasir texnologiyalardan istifadə etməklə aparılan işin səmərəliliyini artırmaq, məlumatlardan istifadə imkanlarını sadələşdirmək, bu kontekstdə şirkətlərin üzərinə düşən informasiya yükünü azaltmaq, məlumatların toplanması mexanizmlərinin səmərəliliyini və operativliyini artırmaq məqsədi ilə məlumatların elektron qaydada toplanmasını həyata keçirmək üçün hazırlanmış proqram təminatı vasitəsi ilə 2023-cü il üzrə əldə edilmiş məlumatların “Hasilat Sənayesində Şəffaflıq” portalında yerləşdirilməsi təmin edilmişdir.