MICS

Çoxgöstəricili Klaster Sorğusunun (MlCS) həyata keçirilməsinin

Çoxgöstəricili Klaster Sorğusu müəyyən olunmuş sahələr üzrə məlumat boşluqlarının doldurulmasında ölkələrə kömək etmək məqsədilə BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən hazırlanmışdır. Qeyd etmək lazımdır ki, 1990-cı ildə Nyu-Yorkda Dünya Uşaq Sammitində dünyanın 71 ölkəsinin dövlət və hökümət başçısının və 88 ölkənin yüksək rütbəli rəsmi şəxsi “Uşaqlar üçün Fəaliyyət Planı və Bəyannamə”ni öhdəlik kimi qəbul etmişdir. Nəticədə, Uşaqlar üçün Milli Fəaliyyət Proqramları ölkələrdə hazırlanmış və həyata keçirilmişdir. Azərbaycan Respublikasının Milli Məclisi Uşaq Hüquqlarına dair Konvensiyanı 1992-ci ildə ratifikasiya etmişdir. Uşaq Hüquqlarına dair Konvensiya ilə bağlı qanun 1998-ci ildə qüvvəyə minmiş və uşaq hüquqları, dövlət orqanlarının öhdəlikləri və həyata keçiriləsi nəzərdə tutulan məsələlər müəyyən edilmişdir.

Azərbaycan Respublikasında Çoxgöstəricili Klaster Sorğusunun (MICS) keçirilməsi: məqsədlər və gözlənilən nəticələr

Ölkəmizdə Çoxgöstəricili Klaster Sorğusu (MICS) Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”na əsasən keçirilir. UNICEF-in dəstəyi ilə baş tutacaq bu əhəmiyyətli dövlət tədbirinin keçirilməsində məqsəd ölkədə ana və uşaqların sosial rifah vəziyyətinin, insan inkişafının qiymətləndirilməsi və Dayanıqlı İnkişaf Məqsədləri ilə müəyyən edilmiş hədəflərə çatmanın ölçülməsi üçün beynəlxalq müqayisəliliyi təmin edən statistik məlumatların əldə edilməsidir. Sorğunun aparılması ilə bağlı sahə işlərinə cari ilin may ayının 8-də start veriləcək və onun 3 ay ərzində başa çatdırılması nəzərdə tutulmuşdur. Layihə çərçivəsində işlər (sorğunun nəticələrinə dair hesabatın layihəsinin hazırlanması, təsdiqi, nəşri, yayımlanması və s.) tam olaraq 2024-cü ilin iyun ayında yekunlaşacaqdır.