MICS

MICS barədə ümumi məlumat

Çoxgöstəricili Klaster Sorğusu (MICS) UNICEF-in hazırladığı və dəstəklədiyi beynəlxalq ev təsərrüfatı sorğusudur. MICS sorğusu ölkələri reproduktiv yaşda olan qadınlar, uşaqlar və ev təsərrüfatlarına aid əsas göstəricilər üzrə statistik baxımdan etibarlı və beynəlxalq səviyyədə müqayisə oluna bilən məlumatlarla təmin edir.

MICS ən irimiqyaslı sorğu proqramlarından biri olmaqla, 1995-ci ildən etibarən həyata keçirilir və ötən illər ərzində dünyanın 118 ölkəsində 300-dən artıq sorğu aparılıb.

Çoxgöstəricili Klaster Sorğusunun (MICS) keçirilməsi ilə əlaqədar İstiqamətləndirici Komitənin yaradılması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 2022-ci il 17 avqust tarixli Sərəncam imzalamışdır. Milli səviyyəli MICS sorğusunun əsas məqsədi Azərbaycanda uşaqların və qadınların vəziyyətinə dair müxtəlif sahələrdə əldə olunmuş irəliləyişin qiymətləndirilməsi üçün aidiyyəti məlumatlar əldə etmək və daha çox diqqət tələb edən müvafiq sahələri müəyyən etməkdir. Həmçinin, MICS-in məqsədlərinə Dayanıqlı İnkişaf Məqsədlərində (DİM) müəyyən olunmuş hədəflərə nail olmanı izləmək və sübutlara əsaslanan siyasətlərin hazırlanmasına kömək üçün dezaqreqasiya olunmuş məlumatlar toplamaq da daxildir.

Azərbaycanda MICS sorğusu

UNICEF 30 ildən çox bir müddət ərzində MICS sorğularının keçirilməsində böyük təcrübə qazanıb. Azərbaycan Hökuməti MICS sorğusunun keçirilməsi ilə bağlı əhəmiyyətli addımlar atıb və UNICEF bu sahədə hökumətə tələb olunan bütün dəstəyi təmin edir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nını 5.1.3.1-ci yarımbəndinə əsasən, MICS sorğusunun keçirilməsi ölkədə ana və uşaqların rifah vəziyyəti, sağlamlığı, qidalanma, təməl öyrənmə bacarıqları (7-14 yaşlı uşaqlar), uşaq və böyüklərin həyati funksiyaları, suyun keyfiyyəti, sosial transferlər, təmiz yanacaq və texnologiyalardan istifadə kimi geniş spektrli mövzular üzrə 200-ə yaxın göstəricini qiymətləndirmək imkanı verəcək.

UNICEF-in Azərbaycandakı Nümayəndəliyi və Dövlət Statistika Komitəsi (DSK) arasında “2022-ci ildə Azərbaycan Respublikasında Çoxgöstəricili Klaster Sorğusunun (MICS) keçirilməsinə dair Anlaşma Memorandumu” imzalanıb. Azərbaycanda qarşıdan gələn MICS sorğusunun aparılması üçün 12320 ev təsərrüfatı müəyyən olunub.

SAHƏ İŞİ

MICS, sorğunu aparan 4 şəxs, ölçmə aparan 1 şəxs və 1 nəzarətçidən ibarət olan və müəyyən sayda ev təsərrüfatlarında sorğu aparmağa təhkim olunan qruplar tərəfindən həyata keçirilir. Sorğunu aparan şəxslər ev təsərrüfatlarına gedərkən MICS sorğusunun nə olduğu və Azərbaycanda niyə keçirildiyi barədə ümumi məlumatları təqdim edən məlumat vərəqəsini təqdim edəcəklər. Sorğunu aparan şəxslər seçilmiş ev təsərrüfatlarına may-iyul aylarında baş çəkəcəklər.