MICS

Çoxgöstəricili Klaster Sorğusu üzrə sahə işlərinə başlanılmışdır

image
image
image
image
image
image

"Cari ilin may ayının 8-də ölkəmizdə Çoxgöstəricili Klaster Sorğusu (MICS) çərçivəsində əsas sahə işlərinə, yəni yerlərdə sorğunun aparılmasına başlanılmışdır. Sorğu Şərqi Zəngəzur iqtisadi rayonu istisna olmaqla, ölkənin bütün ərazisini əhatə edəcək və 616 klaster üzrə 12320 ev təsərrüfatı arasında keçiriləcəkdir.

"Sahə işlərinə 2-si Naxçıvan Muxtar Respublikası üzrə olmaqla, ümumilikdə 14 heyət cəlb edilib. Hər heyət 6 üzvdən ibarətdir: 1 supervayzer, 4 sorğunu və 1 ölçməni aparan şəxs. Sahə işlərinə 84 əməkdaş cəlb olunub.  Heyətlər uşaqların boy və çəkisinin ölçülməsi, suyun keyfiyyəti analizinin aparılması, duzun yodluluğunun yoxlanması üçün lazım olan avadanlıqlarla və s. təmin edilmişdir.

"Sorğu 4 standart sorğu anketi üzrə keçiriləcəkdir: “Qadınlar üçün fərdi sorğu anketi”, “5 yaşadək uşaqlar üçün sorğu anketi”, “5-17 yaşlı uşaqlar üçün sorğu anketi”, “Ev təsərrüfatları üçün sorğu anketi”. Bunlarla yanaşı, “Suyun keyfiyyətinin analizi üçün sorğu anketi” “Ev təsərrüfatları üçün sorğu anketi”nin, “Tibb müəssisəsindən peyvəndlənmə ilə bağlı məlumatlarının toplanması üçün anket forması” isə “5 yaşadək uşaqlar üçün sorğu anketi”nın əlavəsi kimi tətbiq olunur.

"“Tibb müəssisəsindən peyvəndlənmə ilə bağlı məlumatlarının toplanması üçün anket forması” üzrə məlumatlar ev təsərrüfatının 2 yaşadək uşaqlarının qeydiyyatda olduğu tibb müəssisələrində müvafiq sənədlərə istinad etməklə doldurulacaqdır.

"Sorğu nəticəsində ölkədə ana və uşaqların sosial rifah vəziyyətinin, insan inkişafının qiymətləndirilməsi və Dayanıqlı İnkişaf Məqsədləri ilə müəyyən edilmiş hədəflərə çatmanın ölçülməsi üçün beynəlxalq müqayisəliliyi təmin edən statistik məlumatlar əldə ediləcəkdir.

"Sahə işlərinin 3 ay ərzində başa çatdırılması nəzərdə tutulmuşdur.

"Naxçıvan Muxtar Respublikasında sahə işləri cari ilin 18 iyun – 31 iyul tarixlərində aparılacaqdır.